Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri AzMİU-da

Serbiya-Azərbaycan  Dostluq Cəmiyyətinin üzvləri Azərbaycan Memarlıq və İnşaat Universitetində qonaq olublar.  Universitetin rektoru professor Gülçöhrə Məmmədova ilə görüşən qonaqlar AzMİU ilə əməkdaşlıq edən Belqrad Dövlət Universitetinin rektorunun səmimi arzularını ona çatdırıblar. Azərbaycana növbəti səfərlərinin məqsədini açıqlayan cəmiyyətin sədri Vladan Şkoriç qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələri genişləndirmək, elm-təhsil sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək, qarşılıqlı turistik səfərləri təşkil etmək istəyirlər. Eyni zamanda o deyib ki, Bakıda fizika-riyaziyyat təmayüllü Serbiya-Azərbaycan beynəlxalq gimnaziyası açmağı planlaşdırırlar. Cəmiyyətin sədri oktyabrın 8-də Bakıda xalça sərgisi keçirəcəkləri barədə məlumat verib.

AZ2016001AZ2016002         

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin  ölkələrimiz arasında dostluq körpüsü rolunu yüksək qiymətləndirərək bu əməkdaşlığın təhsil sahəsində yeni, uğurlu layihələrə dəstək olmasını arzulayıb. O məlumat verib ki, Belqrad Dövlət Universitetiylə AzMİU arasında 2012-ci ildə qarşılıqlı əməkdaşlığa əsaslanan ikitərəfli müqavilə imzalanıb. Rektor universitetlər arasında mövcud olan dostluq və işgüzar münasibətlərin daha da inkişaf etdirilməsini arzuladıqlarını bildirib, ikili diplom, tələbə-müəllim mübadiləsi proqramlarının gerçəkləşməsini vurğulayıb.